Azərbaycana gətirilən telefonların gömrük məntəqələrində saxlanılmasının səbəbi...

637 Просмотров

"Azərbaycanda vətəndaşların gömrük sahəsində rüsumlardan və vergilərdən yayınma hallarına daha çox rast gəlinir".

APA TV-nin xəbərinə görə, bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev bildirib. Onun sözlərinə görə, saxta sənədlərin təqdim olunması, həmçinin vergilərdən yayınaraq daha çox rüsuma cəlb olunan malların gizlədilərək ölkəyə keçirilməsinə cəhdlər də edilir:
"Azərbaycan tranzit regionda yerləşdiyindən narkotranzitlə mübarizə daha da gücləndirilib. Demək olar ki, Azərbaycan Avropa ölkələri arasında ilk ölkədir ki, bütün giriş sərhəd məntəqələrində müvafiq avadanlıqlar qurulub. Məhz bunun sayəsində istər narkotranzit, istərsə də silah qaçaqmalçılığına qarşı ciddi mübarizə aparılır. Sərhədlərdən narkotik vasitələrin, silah-sursat və digər vasitələrin keçirilməsinə cəhd edən şəxslər zaman-zaman Dövlət Sərhəd Xidməti ilə birgə keçirilən əməliyyatlar nəticəsində aşkar olunur, pnevmatik silahlar və digər partlayıcı maddələr götürülür".

Səfər Mehdiyev Azərbaycana gətirilən mobil telefonların gömrük məntəqələrində saxlanılmasına aydınlıq gətirib, mobil telefonların ölkəyə gətirilməsi ilə bağlı ciddi araşdırmalar aparıldığını əlavə edib: “Hazırda bu barədə danışmaq tezdir. Amma qeyd edilməlidir ki, xüsusilə poçt göndərişləri vasitəsi ilə eyni adda eyni aylarda və müxtəlif dövrlərdə müntəzəm olaraq mobil telefonların ölkəyə gətirilməsi nəticəsində vergidən yayınma faktları aşkar edilir. Bir ay ərzində ölkəyə 8 minə qədər bu cür telefon gətirilib. Bu da təbii ki, ölkənin vergitutma bazası olan gömrük orqanları qarşısında əsas məsələlərdən biridir ki, elektron ticarət vergidən azad olunmayıb. Elektron ticarət də vergiyə cəlb olunmalıdır".
Səfər Mehdiyev bildirib ki, bu istiqamətdə müəyyən zamanlar ərzində araşdırmalar aparılır.