Gəncədə bir ay əvvəl qətlə yetirilən qadının qatili tapıldı: sevgilisi öldürüb

485 Просмотров

Gəncə polisi bir ay əvvəl törədilmiş cinayətin üstünü açıb. APA TV-nin məlumatına görə, oktyabrın 25-də Gəncə şəhər Baş Polis İdarəsinə 42 yaşlı şəhər sakini Svetlana Mayılovanın itkin düşməsi barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsi, Gəncə şəhər Prokurorluğu, Gəncə şəhər Baş Polis İdarəsi və Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan birgə əməliyyat-istintaq tədbirləri bir ay sonra nəticə verib. Məlum olub ki, oktyabrın 24-də Svetlana Mayılova tanışı, 29 yaşlı Gəncə sakini Rauf Əliyevlə görüşüb. Görüş onlar arasındakı vədələşməyə əsasən Raufun Rusiyada yaşayan xalasının Gəncədəki hazırda boş olan evində baş tutub. Özünə məxsus "Mercedes A Class" markalı avtomobillə həmin evə gələn Svetlana üçün görüş gözlənilməz sonluqla nəticələnib. Gəncə ŞBPİ-nin əməkdaşlarına hadisənin hansı zəmində törədildiyi məlumdur:

"Mübahisə yaranmış və Rauf Əliyev üzərində olan bıçaqla Svetlana Mayılovanı boğaz nahiyəsindən vuraraq qətlə yetirib. Rauf hadisədən 4 gün sonra meyiti həmin ünvandan götürərək atasına məxsus "QAZ 24" markalı avtomobillə Goranboy rayonun Qaradağlı kəndinə aparıb və nənəsinə məxsus evin tövləsində basdırıb".

Cinayətin izinə düşən polis mərhumun kənddə dəfn olunan meyitini aşkar edərək çıxarıb və ekspertizaya təqdim edib. Qətli törətməkdə təqsirləndirilən Rauf Əliyev Svetlana Mayılova ilə uzun müddətdir ki, münasibətdə olduqlarını və onu öldürmək niyyətində olmadığını bildirib.

"Münasibətimiz çoxdan var idi. Söyüş söydü, ona görə vurdum, öldü".

Hazırda polis tanışlar arasında ölümlə nəticələnən mübahisəyə nəyin səbəb olduğunu və saxlanılan Rauf Əliyevin başqa cinayət əməllərində iştirakının olub-olmamağını araşdırır.