Yol nişanı ilə radar arasındakı uyğunsuzluq

638 Просмотров

Добавлено: 27.02.2016
Категории: Разное

Bakı-Qazax magistralının Hacıqabul-Kürdəmir arasındakı ərazisində yeni qoyulan yol nişanında sürət 90-dan 110-a yüksəldilsə də bunun radarlara aid edilməməsi ciddi problemə səbəb olub. Belə ki, texniki yubanma səbəbindən bir neçə sürücüyə nişanın tələbinə uyğun hərəkət etdiyi halda elektron protokol gəlib. Yaranan mübahisəli məsələyə Baş Dövlət Yol Polisi İdarəsi aydınlıq gətirib. Bakı-Qazax yolundan istifadə edən bir neçə sürücü yolun Kürdəmir-Nəvai arasındakı ərazisindəki yol nişanı 110 sürətini göstərdiyi halda, həmin sürətlə hərəkət etmələrinə baxmayaraq radara düşdüklərini bildiriblər. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, bunun necə baş verdiyinə isə Baş Dövlət Yol Polisi İarəsinin şöbə rəisi Kamran Əliyev aydınlıq gətirib. Onun sözlərinə görə, Nəvai-Kürdəmir arasındakı magistral yolda təmir işləri başa çatdırılıb və sürət həddi artırılıb. Kamran Əliyev hadisədən xəbərdar olduqlarını və dərhal baş vermiş yanlışlığa görə tədbirlər görüldüyünü vurğulayıb. Şöbə rəisi həmin məsələyə görə protokol yazılan sürücülərin probleminin artıq aradan qaldırıldığını deyib. Baş Dövlət Yol Polisindən verilən məlumata görə, Nəvai-Kürdəmir arasındakı magistralda artıq texniki işlər yekunlaşıb. Yəni radarlar artıq saatda 90 yox, 110 kilometr həddinə uyğun tənzimlənib. Milli.Az